Almaniyanın Manheym şəhərində Avropada tibb təhsili alan azərbaycanlı tələbələrin və gənc həkimlərin II forumu keçirilir. Forum “Biliyə Əsaslanan Səhiyyə Naminə” devizi altında təşkil olunub. Tədbirdə 150 gənc təbib iştirak edir. Gənc Təbiblərin Almaniya Forumu AzerMDS və ASAİF-in təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) texniki dəstəyi ilə keçirilir. İlk belə forum 2011-ci ildə Manheym şəhərində olub. Builki forum iyulun 14-17-də Almaniyanın Manhaym və Haydelberq şəhərlərində keçirilir və dünyanın ən qədim universitetlərindən biri olan Haydelberq Universiteti (bu il 626 yaşı qeyd olunub) və Azərbaycan Tibb Universitetinin elmi və metodiki dəstəyi ilə ərsəyə gəlib. Forumun məqsədi səhiyyə idarəetməsi və fərqli tibbi ixtisaslar sahəsində mövcud olan ən müasir biliklərin ölkəmizə nəql edilməsi və bu biliklərin Azərbaycan vətəndaşlarının sağlamlığı naminə tətbiq edilməsinə töhfə verməkdir.

Forumun açılışı iyulun 14-də keçirilib. Tədbirdə Haydelberq Universiteti Manheym Tibb Fakültəsinin Cərrahiyyə klinikasının direktoru Stefan Post giriş nitqi söyləyib: “Biz Manheymi Azərbaycandan olan gənc təbiblərin mərkəzi hesab edirik. Bu əməkdaşlıq 10 il əvvəl başlayıb və bu gün gözəl nəticələri var. Biz bir çox ölkələrlə əməkdaşlıq edirik, amma deyə bilərəm ki, burada təhsil alan azərbaycanlı tələbələrin göstərdiyi nəticələr, əldə etdiyi uğurlar ən yaxşılarındandır”.

Azərbaycan həkimlər və təbib tələbələr ictimai birliyinin təsisçisi (AzerMDS), Mayns Universiteti Klinikası orqan transplantasiyası bölməsinin həkimi Vüqar Yaqublu deyib ki, Azərbaycan səhiyyə sistemində və tibb təhsilində bir sıra məsələlərə yenidən baxılmalı, bu sahələrdə olan problemlər çözülməli və dünyadakı, konkret olaraq Almaniya modelindeki üstünlüklər tətbiq olunmalıdır: “Bunlar əsasən həkim – xəstə münasibətləri, həkimlərin özləri arasında münasibətlər, tibb sahəsində nəsillər arasında olan problemləri aradan qaldırmaqdır. Yəni, necə edək ki, tibbdə nəsil dəyişikliyi tez, asan, ağrısız və heç kəs incidilmədən aparılsın”.

Sonra millət vəkili Ceyhun Osmanlı gənc həkimləri salamlayıb. O deyib ki, buraya toplanan insanlar gələcəkdə Azərbaycanın tibbi elitasını formalaşdıracaqlar. Millət vəkili Almaniya tibb təhsilinin və ümumiyyətlə təhsil sisteminin özəlliklərinə toxunaraq qeyd edib ki, tibb sahəsi üzrə bir neçə Nobel mükafatçısı məhz Almaniyadandır. Almaniya dünya tibb elminə böyük və tarixi tövhələr vermiş ölkədir. Biz tibb modeli olaraq Almaniyanın böyük təcrübəsindən yararlana, çox şey öyrənə bilərik və getdikcə inkişaf edən bu əməkdaşlığın perspektivləri var”.

Almaniyada tibb təhsili almış və öz sahəsi özrə yeniliklərə imza tməş Frankfurt Höte Universiteti Klinikasının burub-boğaz-qulaq bölməsinin şöbə müdiri Murad Şıxəliyev isə öz təcrübəsindən və bu təcrübənin Azərbaycanda tətbiqindən danışıb. O, Koxlear implantasiya, yəni daxili qulağın protezləşdirilməsi üzrə mütəxəssisdir. Bu implantasiya əsasən uşaqlarda anadangəlmə karlıqların və sonradan qazanılmış karlıqların aradan qaldırılması məqsədilə aparılır. Murad Şıxəliyev deyib ki, artıq Azərbaycanda 11 uşağa bu cür implant taxılıb.

Tələbə və gənc təbiblər qarşısında Azərbaycanın Almaniyadakı səfirliyi adından səfirliyin müşaviri Rizvan Nəbiyev çıxış edib. O özü də 15 il əvvəl Almaniyada təhsil aldığını deyib və həmin dövrlə indiki imkanları müqayisə edib. Onun sözlərinə görə, indi Azərbaycan dövləti iqtisadi baxımdan güclənib, gənclərimizin xaricdə təhsil alması üçün daha geniş imkanlar yaradılıb. O, Almaniyada təhsil almaq imkanlarından bəhrələnən gənclərə və bunun arzusunda olanlara səfirliyin bütün zəruri dəstəyi verməyə hazır olduğunu deyib.

Sonra söz daha bir Almaniya tibb sistemi təcrübəsini Azərbaycan gətirən mütəxəssis, Azərbaycan Almaniya Ginekoloqlar Cəmiyyətinin sədri İslam Mahalova verilib. O da öz tibb təhsilini Almaniayada necə zənginləşdirdiyindən bəhs edib və gənc tələbələrə tövsiyələrini verib. İslam Mahalov bu forumu uğurlu ənənə adlandırıb və hesab edir ki, bu ənənə davam etməli və daha da mükəmməlləşdirilməlidir.

İxtisasca həkim olan millət vəkili İlham Məmmədov isə tibbi sığorta sahəsində dünya təcrübəsi və Azərbaycan reallıqları barədə danışıb. O bildirib ki, 10 il əvvəl Milli məclis tibbi sığorta haqda qanun qəbul etsə də, o qanun hələ də işləmir. Millət vəkili hesab edir ki, tibbi sığortanın işləməməsi azərbaycan səhiyyəsini problemlərindən biridir, amma bu, əslində problemdən daha çox köhnədən qalmış bəzi stereotiplərdən yaxa qurtara bilməməkdən irəli gələn çatışmazlıqdır.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov isə bu forumun əhəmiyyətini yüksək qiymətləndirib.

Azərbaycan-Alman Tibb əməkdaşlıq assosiasiyasının rəhbəri, Almaniyada tibb təhsili almış və indi Azərbaycanda çalışan Qurbanxan Müslümovun çıxışı maraqlı olub. O Almaniya cəmiyyətinin inkişaf fəlsəfəsindən və bunun tibb elminə, həkim-xəstə münasibətlərinə təsirindən danışıb. O hesab edir ki, bu cür tədbirlər azərbaycanlı gənc həkimlər arasında yeni ənənələr yaratmaqla yanaşı, ciddi dönüşlərin də əsasını qoymalıdır”.

“Nyu York Medical School”da təhsil almış və indi ABŞ-da çalışan Samir Babayev, Türkiyənin İzmir şəhərində tibb təhsili alan Azadə ibrahimova öz təhsil və təcrübələri barədə fikirlərini bölüşüblər”.

II Forum “Körpü seminarları” ilə davam edir. Bu seminarlar Azərbaycanda və xaricdə çalışan həkimlərimizə müxtəlif ixtisaslar üzrə bilik mübadiləsi aparmaq, birgə elmi fəaliyyət imkanlarını araşdırmaq, yeni təlim üsullarının müzakirəsi üçün imkan yaradır. Körpü seminarları və təlimlər “Mürəkkəb Cərrahiyyəyə gedən yol”, „Radiologiyanın yenilikləri”, “Qastroenterologiyanın yenilikləri”, „Ginekologiyanın yenilikləri, “Tibb təhsilində yeniliklər”, “Cərrahi vərdişlərin əsasları” və digər mövzular üzrə keçirilir.