Virus hepatitləri insanlar arasında geniş yayılmış xəstəlikdir və bu gün bütün dünya ictimaiyyəti ona qarşı “həyəcan təbili” çalmaqdadır. Dünyada 500 milyon xroniki Hepatit C və B xəstələri var. Bu xəstəliyə qarşı mübarizənin əsas hədəflərindən biri insanların maarifləndirilməsidir. Həkimlər və Təbib Tələbələr Birliyi (AMDS) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclər arasında virus hepatitlərinin yayılmasının qarşısını almaq istiqamətində “Səhiyyə Maarifi” Layihəsi çərçivəsində fəaliyyətə başlamışdır.  Ümumdünya Hepatit Alyansı hər il “Mən 12-ci deyiləm” adlı kompaniya həyata keçirir.  Dünyada hər 12 nəfərdən biri xroniki Hepatit B və C virusuna yoluxmuşdur və bir çox hallarda insanlar virus daşıyıcısı olsalar da bundan xəbərləri yoxdur. AMDS “Mən 12-ci deyiləm” kompaniyası çərçivəsində fərqli maarif tədbirləri həyata keçirir.

Təəssüf ki, bu günə qədər xroniki Hepatit C və B xəstəliklərinə qarşı qlobal səviyyədə kifayət qədər diqqət ayrılmamışdır. Bir çox mütəxəssislər xroniki virus hepatitlərini, hətta QİÇS-dən daha qorxulu hesab edirlər. Xroniki virus hepatitlərinin son zamanlar artması beynəlxalq səhiyyə qurumlarını onunla mübarizədə daha fəal olmağa vadar edir. Bu il Ümümdünya Səhiyyə Təşkilatı virus hepatitlərinə qarşı qlobal mübarizəni gücləndirmək üçün yeni qətnamə qəbul edəcəkdir. Bu bir daha qlobal təhlükənin nə qədər ciddi olduğunun göstəricisidir.

 

Gınclər arasında virus hepatitlərinin yayılması riski daha çox gınclərin davranışı və bilik sıviyyəsi ilə əlaqələndirilir. ABŞ xəstəliklərə nəzarət mərkəzinin məlumatlarına əsasən gənclər arasında rast gəlinən Hepatitlərin 30%-i həbs edilmiş gənclər arasında müəyyən edilir. Bunlardan yalnız 3%-i türmədə olan zamanı virus hepatitlərinə yoluxurlar. Bu qrup gənclik narkotiklərdən sui-istifadə, ehtiyatsız intim həyat kimi riskli davranışlara malik olurlar.

Statistikadan göründüyü kimi normal həyat tərzi keçirən gənclik arasında da Hepatit riski yüksəkdir. Bunun əsas səbəbi gənclərin bu viruslara yoluxmaya gətirən riskli davanışları bilməmələridir.

AMDS gənclər arasında virus hepatitləri ilə bağlı biliklərin artırılması, virusa yoluxma risklərini azaltma, yoluxma hallarında düzgün davranışı təbliğ etmə və bu sahədə çalışan gənc mütəxəssilərinin professional inkişafını dəstəkləmək məqsədilə aşağıdakı məsələləri həyata keçirməyi planlaşdırır:

  • Gənclərin Hepatit virusları və onlardan qorunmaq yolları haqqında maarifləndirilməsi
  • Gənclərin özlərinin virus Hepatiti riskini təyin etməyə dəvət etmək və bu işdə onlara professional dəstək vermək
  • Xroniki virus daşıyıcılarına öz xəstəliklərinin monitorinqinin aparılması qaydaları haqqında biliklərinin artırılması
  • Xroniki virus daşıyıcılarının digərlərini yoluxdurmaması üçün maarifləndirilməsi
  • Gənclər arasında Hepatit B virusuna qarşı peyvəndin vacibliyinin maarifi
  • Gənc mütəxəssislərin Hepatit C və B virusunun törətdiyi fəsadların müalicəsinin müasir standartlarını öyrənməkdə dəstək vermək və bu sahədə elmi tədqiqatlara cəlb  olunması