Əziz Həmkarlar,

 

AzerMDS 2017-ci il özünün 25 illik yubileyini qeyd etdi. 25 il öncə bu təşkilat tibb təhsili və səhiyyəmizin inkişafında vətəndaş təşəbbüsü ilə iştirak etmək məqsədilə formalaşdı. O zaman Azərbaycan Təbib Tələbələr Assosiasiyası (AzerMSA) adlanan təşkilat ölkəmizdə yaranan ilk gənclər təşkilatlarında biri idi və müstəqil Azərbaycanımızın gənclər siyasətinin formalaşmasında yaxından iştirak etdi. Təşkilatımız, fəaliyyətinin ilkin illərində AzerMSA adı ilə ölkəmizi beynəlxalq gənclər qurumlarında təmsil edən bir neçə gənclər təşkilatlarından biri idi. Bu nöqteyi-nəzərdən, AzerMSA və üzvləri Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin qurulmasında yaxından iştirak etdi.

 

1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) təsisçilərindən biri və onun beynəlxalq əlaqələrinə məsul oldu. Bu illər ərzində Avropa Gənclər Forumunda Azərbaycan uğurla təmsil olundu və ölkəmizin Avropa Şurasına qəbulundan öncə 1997-ci ildə Avropa Gənclər Forumuna (European Youth Forum) uzvlüyə qəbul edildi.

 

Bununla yanaşı, 1992-ci ildə təşkilatımız ilk dəfə AİDS-ə qarşı ictimai kompaniyanın başlanğıcını qoydu. “215 KL” telekanalında bu gün adi görünən amma o zaman “skandala” çevrilən anti-AİDS kompaniyasını təqdim etdi. AzerMSA orta məktəblərdə ilk fakultativ reproduktiv sağlamlıq dərslərini keçirməyə müyəssər oldu. AzerMSA üzvləri qaçqın düşərgələrində fərqli sağlamlıq maarifi apardılar. AzerMSA çətin də olsa İFMSA çərçivəsində ilk tələbə mübadiləsini həyata keçirdi. Bilik əldə etmək naminə təşəbbüslər AzerMSA-nın əsas hədəflərindən biri olub. AzerMSA xaricdən işlənmiş tibbi kitabları toplamaqla kitabxana formalaşdırmışdı.

 

AzerMSA müəyyən çətinliklər üzündən bir müddət öz fəaliyyətini dayandırdı və 2005-ci ildən yenidən bərpa edildi. AzerMDS kimi yeni fəaliyyət dövrü fərqli şəraitdə başladı. Artıq Azərbaycanda ictimai təşkilatların fəaliyyəti üçün daha münbit şərait var idi. Xüsusilə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İFMSA çərçivəsində mübadilə proqramı bərpa edildi və artıq davamlı olaraq həyata keçirilir. 1951-ci ildən həyata keçirilən bu beynəlxalq mübadilə proqramı bu günə qədər 500-dən çox gəncimizə müasir tibbi görmək imkanı verib.

 

AzerMDS-in bugünkü əsas hədəfi biliyə əsaslanan səhiyyə sisteminin qurulmasında ölkəmizə ictimai dəstək verməkdir. Bunun üçün tibb tələbələrinin və gənc həkimlərin müasir təbabətlə təmasını artırmaq üçün fərqli layihələr həyata keçiririk. Bizim həyata keçirdiyimiz layihələr ondan bəhrələnmək istəyən hər bir kəs üçün açıqdır.

 

Bir məsələni vurğulmaq istərdik ki, bizim missiyanın reallaşdırılmasında, layihələrin həyata keçirilməsində və təşkilində iştirak edən gənclər təşkilatın imkanlarından istifadə etməkdə üstünlüyə malikdirlər.  AzerMDS hər uğursuzluqda başqalarını günahlandıran, təşəbbüs və çətinliklərdən qorxan, hər problemdə “dayı” axtaran gənclərdən uzaq durmağa üstünlük verir.  AzerMDS-in öz missiyası çərçivəsində istənilən təşəbbüsə dəstək vərəcəyinə əmin ola bilərsiniz.

 

AzerMDS Ailəsi