Güclü qadınlara,
Dəyərli qadın üzvlərimiz, sizləri və ailə üzvləriniz olan bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Beynəlxalq Qadınlar Günü simvolik əhəmiyyətindən əlavə, həmçinin, tarixə iz qoyan qadınların bəşəriyyət tarixi boyu cəmiyyətə verdiyi əvəzsiz töhfələri yad etmək üçün xüsusi məna kəsb edir.
Fəxr hissi ilə qeyd edə bilərəm ki, ictimai birliyin tarixinə nəzər saldıqda onun ictimai həyatında, inkişafında və böyüməsində qadınların əvəzsiz xidməti olmuşdur. Elə təşkilatımızın təsisçilərindən birinin qadın olması da, bizim gender bərabərliyi ənənələrimizin 30 il bundan əvvələ əsaslandığının əyani sübutudur. Bu tarixi fakt AzerMDS-in yaradılmasında qadınların uzaqgörən liderliyindən əlavə, onların daim dəyişən və inkişaf edən səhiyyə sahəsində, eləcə də cəmiyyətdə baş verən hadisələrdə yaxından yer almaq arzusunu, o cümlədən davamlı təsirini təcəssüm etdirir. Bugün bu məşəlin daşıyıcıları, bizim qadın üzvlərimiz də həmin sarsılmaz sadiqlik ruhunu özlərində əks etdirir, kollektiv trayektoriyamızın hazırlanmasında və icra edilməsində yaxından iştirak edirlər. Qadın üzvlərimizin AzerMDS-in strukturlarında nümayiş etdirdiyi inanılmaz istedadlar, dözümlülük və bacarıqların şahidi olmaq çox sevindiricidir. AzerMDS reallığında qadınların töhfələri hər bir layihədə, təşəbbüsdə və naliyyətdə özünə yer tapır, əks-səda doğurur.
Təşkilatımızın iş etikasının ayrılmaz hissələrindən biri də məhz gender bərabərliyi və qadınların ictimai fəaliyyətlərinin dəstəklənməsidir. Təsadüf deyildir ki, hal-hazırda 16 nəfərdən ibarət AzerMDS idarə heyətinin 13-ü məhz xanımlardan təşkil olunmuşdur. Biz cinsindən, irqindən, dilindən, dinindən, milliyətindən asılı olmayaraq hər bir üzvün töhfələrinin qiymətləndirildiyi və qeyd edildiyi inkluziv mühitin yaradılmasının vacibliyini çox yaxşı dərk edirik. Fərqliliyin və unikal perspektivlərin yardımı ilə kollektiv məqsədimizə gedən yolda mükəmməlliyə yaxınlaşacağımıza inanırıq.
Beynəlxalq Qadınlar Günü bizim üçün AzerMDS ailəsindəki qadınların davamlı dəstəyini, güclənməsini və irəliləməsini qeyd etmək bayramıdır. Təşkilatımızın uğurlarında sizlərin yorulmaz səylərinizin, müdrikliyinizin və qayğınızın böyük rolu vardır.
Son olaraq bir daha AzerMDS ailəsindəki bütün qadınları təbrik edirəm, sizlərə uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. Ümid edirəm ki, keçmişdə olduğu kimi, gələcəkdə də biz, tibb tələbələri bu şərəfli mirası, köklü ənənələri yaşatmağa davam edəcəyik.
Dərin minnətdarlıq və böyük heyranlıqla,
Murad Yusifli
AzerMDS prezidenti