13th Floor, Globus Center, 609 Jafar Jabbarli Street, AZ1065 office.azermds@gmail.com

Azərbaycan Respublikasının Milli Peyvənd Təqvimi

Müəllif: Musayeva Arzu

İmmunoprofilaktika - yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodudur, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Bütün dünyada peyvəndlərin yoluxucu infeksiyaları və onların fəsadlarını aradan qaldıran əvəzolunmaz vasitə olduğu fikri qəbul olunmuşdur. İmmunoprofilaktika tədbirlərinin görülməsinin tarixi bir neçə əsr əvvələ gedib çıxır. Hazırda dünyanın 180 ölkəsində vaksinasiya proqramı Ümumdünya Səhiyyə Təşkilatının rəyi və nəzarəti altında icra edilir.
Peyvəndin olunub-olunmaması ilə bağlı son qərarı körpənin valideyinləri verməlidir. Vaksinasiyadan əvvəl ailə həkiminə və ya pediatra müraciət etmək və müayinədən keçmək məsləhətdir. Yalnız sağlam körpə peyvənd oluna bilər. Peyvənd olunduqdan sonra körpə infeksiyalara yoluxmaqdan qorunmalı, bir müddət digər uşaqlar və böyüklərlə az təmasda olmalı, onun qida rasionundan allergiyaya səbəb ola biləcək qidalar çıxarılmalıdır. Valideynlər peyvənddən sonra baş verə biləcək fəsadlardan məlumatlı olmalı və lazım olduqda pediatra müraciət etməlidirlər. Peyvəndlər təkcə uşağınızı poliomielit, tetanus və difteriya kimi ölümcül xəstəliklərdən qorumur, həm də uşaqdan uşağa keçən təhlükəli xəstəlikləri aradan qaldırmaq və ya əhəmiyyətli dərəcədə azaltmaqla digər uşaqları da təhlükəsiz saxlayır.
Azərbaycanda peyvəndləmə Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə tənzim olunur. Ölkəyə 9 adda vaksin gətirilir ki, bu vaksinlər 11 xəstəliyin qarşısının alınmasında istifadə olunur. Bütün peyvənd materialları Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir və təhlükəsizliyindən əmin olunur. Peyvəndlərin aparılması nəticəsində ölkəmizdə poliomielit xəstəliyi ləğv edilmiş, məxmərək, difteriya, tetanus, göyöskürək, xəstəlikləri yox dərəcəsinə qədər azalmışdır. Hazırda Azərbaycanda Hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göy öskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, parotit xəstəliklərinə qarşı peyvəndlər mövcuddur. Vaksinasiya Milli peyvənd təqviminə əsasən aparılır. Milli peyvənd təqvimi peyvəndlərin aparılmasının müddətini və ardıcıllığını təyin edir. Peyvəndləmənin təqvimə uyğun aparılması vacibdir.

Azərbaycanda körpələr ilk üç peyvəndi doğum evində alır. Doğum evində ilk 12 saat ərzində Hepatit B-yə qarşı HepB, doğumdan sonra 4-7 gün ərzində vərəmə qarşı BSG və uşaq iflicinə qarşı poliomielit peyvəndi - OPV vurulur. BSG sol qola dəri daxilinə vurulur, poliomielitə qarşı vaksin pipetlə uşağın ağız boşluğuna damızdırılır, digər vaksinlər isə bud əzələsinə inyeksiya yolu ilə yeridilir. Vərəm peyvəndindən sonra körpə üç gün çimizdirilməməlidir. 
Uşaq evə yazıldıqdan sonra ərazi üzrə poliklinikada qeydiyyata alınır və növbəti peyvəndlər həmin tibb müəssisəsi tərəfindən aparılır. Uşaq 2 aylığında göy öskürək, tetanus, difteriya, hepatit B və B tipli hemofil infeksiyaya qarşı kombinə olunmuş vaksin (GDTHibHepB), pnevmokok infeksiyalarına qarşı isə Pk vaksini alır. Pnevmokok vaksini uşaqları pnevmoniyadan, meningitlərdən, artiritlərdən qoruyur. 3 aylıqda difteriya, göyöskürək, tetanus, hepatit B və B tipli hemofil infeksiyaya, eləcə də poliomielitə qarşı təkrar peyvəndlənmə aparılır. 4 aylıqda difteriya, göyöskürək, tetanus, hepatit B və B tipli hemofil infeksiyaya və pnevmokok infeksiyalarına və poliomielitə qarşı növbəti dozalar vurulur. 6-cı ayda pnevmokok infeksiyalarına qarşı son doza, poliomielitə qarşı inaktivləşdirilmiş peyvənd vurulur.

Bundan başqa, 1 yaşında uşaqlara qızılca, məxmərək, parotit vaksinasiyası aparılır. Uşaqlara təqvimə uyğun peyvəndlər vurulsa, onlar bu xəstəliklərə yoluxmaz və ya daha yüngül keçirər. Məsələn, qızılca xəstəliyinə qarşı peyvənd olunan uşaq heç vaxt bu xəstəliyi keçirmir. Amma peyvənd almayan uşaqlarda bəzi hallarda bu xəstəlik nəticəsində şikəstlik əmələ gələ və ya digər ağırlaşmalar baş verə bilər. 1 yaş 6 aylığında göy öskürək, tetanus, difteriya qarşı revaksinasiya dediyimiz AGDT adlanan vaksindən istifadə edilir. Bununla yanaşı, polimelit revaksinasiyası aparılır. 2 yaşında olan körpələrə isə hepatit A peyvəndi vurulur. 6 yaş tamam olduqda qızılcaya, məxmərəyə, difteriya və tetanusa qarşı peyvənd vurulur. Bu peyvəndləri zəncirvari tətbiq etməkdə məqsəd odur ki, müəyyən dövrlərdə vaksinasiyadan kənar qalan uşaqlar revaksinasiyalar nəticəsində immunitet qazansın və yoluxucu xəstəliklərə yoluxmasın.

Tövsiyə olunan peyvəndlərin bu cədvəli yaşadığınız yerdən, uşağın sağlamlığından, peyvəndin növündən və mövcud vaksinlərdən asılı olaraq dəyişə bilər. İstisna hallarda təqvimdən kənara çıxılması mümkündür. Məsələn, Hepatit A-nın geniş yayıldığı yerə səyahət edəcək körpələrə HepA peyvəndini hələ 6 aylıq olarkən vurmaq olar. Meningokok peyvəndləri meningit kimi meninqokok infeksiyası riski altında olan 8 həftəlik uşaqlara verilə bilər. Meningitin geniş yayıldığı yerdə yaşayan və ya səyahət edəcək uşaqlar da peyvəndi almalıdırlar.
Uşaqların yalnız pediatr yoxlanışından sonra peyvənd olunmasına icazə verilir. Bir sıra hallarda xəstə uşaqlara sağaldıqdan sonra peyvənd vurulur. Allergiyanın kəskin dövründə və qan xəstəlikləri olan uşaqlara peyvənd vurulmamalıdır. Bunu da qeyd edək ki, mütləq olan peyvəndlərdən əlavə, valideynlərin xahişinə əsasən, müvafiq xəstəliyi keçirməyən uşaqlara qrip, suçiçəyi, rotovirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilər. 
Qripə qarşı peyvəndləmə hər ilin sentyabr ayında başlanılır. Bu peyvənd xüsusilə bağçaya gedən uşaqlar üçün məsləhət görülür. Suçiçəyi yüngül bir xəstəlik olsa da, bəzən sətəlcəm və beyin iltihabına səbəb olur. Bir yaşdan böyük və əvvəllər suçiçəyi olmayan uşaqlara bir doza tətbiq olunur. Rotavirus uşaqlarda kəskin ishal yaradır, 6-24 ay arasında körpələrdə görülür. Vaksin 2-3 doza şəklində tətbiq olunur.
Uşağın peyvəndlərinin əksəriyyəti 6 yaşa qədər tamamlanmış olur. Göründüyü kimi bir çox peyvənd bir neçə dəfə, müxtəlif yaşlarda və kombinasiyalarda verilir. Peyvəndlər arasındakı interval ən azı bir ay olmalıdır. Bu o deməkdir ki, uşağın təqvimi diqqətlə qeyd edilməlidir. Həkimlər nəzarətdə saxlasa da, bəzən həkimlər dəyişilir, qeydlər itirilir və uşağın peyvəndlərini izləmək üçün son olaraq məsul şəxs valideyn olur. 
Bəzən uşaq xəstə olduqda peyvənd buraxılır.  Səbəb nə olursa olsun, buraxılmış peyvəndləri kompensasiya etmək vacibdir. Əgər hər hansı peyvənd olunmayıbsa, əksər peyvəndlər üçün geri qayıdıb yenidən başlamaq lazım deyil, sadəcə peyvənd cədvəli təkrar tərtib olunacaq.
Vaksin fəsad vermir, lakin peyvənd ediləndən sonra inyeksiya yerində şişlik, ağrı və qızdırma kimi yanaşı təsirlər ola bilər ki, belə təsirlərdən çəkinməyə dəyməz. Uşaqlarda hər hansı bir əks-reaksiya baş versə də, bilmək lazımdır ki, peyvəndlərin faydaları mümkün yan təsirlərdən qat-qat üstündür.


Ədəbiyyat:

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının Milli Peyvənd Təqvimi”
2. İcbari Tibbi Sığorta “Uşağın sağlamlıq kitabçası”
3. National Health Service “NHS vaccinations and when to have them”
4. Stanford Children's Health “Why Childhood Immunizations Are Important”
5. Kidshealth.org “Immunization chart”