13th Floor, Globus Center, 609 Jafar Jabbarli Street, AZ1065 office.azermds@gmail.com

Evtanaziya ləğv olunmalıdırmı?

Müəllif: Ələsgərli Sevil - Azərbaycan Tibb Universitetinin I Müalicə-Profilaktika fakültəsinin I kurs tələbəsi

Evtanaziya indiki halda bütün cəmiyyəti maraqlandıran suallardan biridir. Bu proses haqqında müxtəlif ədəbiyyatlarda müxtəlif fikirlər var. Və hər bir fərd bu haqda fərqli fikirlərə sahibdir. Evtanaziya həqiqətən insan həyatına müsbət təsir edən bir prosesdir yoxsa biz buna bir cinayət aktı kimi baxmalıyıq? Ölümcül xəstənin həyatının saxlanmasında hansısa hədd mövcuddurmu və bu hədd nədən ibarətdir?  
2008-ci ildə Azərbaycan ictimaiyyəti “Evtanaziya və onun tətbiq olunmasının şərtləri haqqında“ qanun layihəsi ilə tanış olmaq imkanı əldə etmişdir. Evtanaziya - qədim yunan sözü olub, "yaxşı ölüm" deməkdir. Bu termini ilk dəfə ingilis filosofu Frensis Bekon (1562-1626) yüngül, ağrısız, yəni əzab-əziyyətsiz ölüm kimi izah etmişdir. Bekonun fikrincə, həkimin vəzifəsi yalnız sağlamlığı bərpa etmək deyil, eyni zamanda xəstəlikdən qaynaqlanan iztirabları və əzabları azaltmaqdır. ".....Qurtuluş ümidi  qalmadıqda belə, ölümün özünü asanlaşdıra və rahatlaşdıra bilərsiniz, çünki evtanaziya kifayət qədər xoşbəxtlikdir" (Bekon F.S., 2 cilddə, 2-ci cild, M.1978, s.269).
Evtanaziya haqqında müxtəlif ədəbiyyatlarda müxtəlif fikirlər verilir.Bir çox ibtidai cəmiyyət üçün yaşlıları və xəstələri öldürmək və ya (köçəri tayfalar üçün) düşərgə dəyişdirərkən onları özləri ilə aparmamaq adi bir hal idi. Evtanaziya praktikası 60 yaşdan yuxarı insanlar üçün intiharın təbliğ olunduğu qədim Yunanıstan üçün də səciyyəvi idi. Platon “Dövlət” əsərində  yazırdı ki, təbabət yalnız zehni və  fiziki sağlam olanlara qayğı göstərmək üçün yaradılmışdır; fiziki cəhətdən zəif olanların ölümünün qarşısı alınmamalıdır, pis ruhlar  isə onsuz da özlərini məhv edəcəklər. Sokrat, Platon və Zenodan Senekaya qədər alimlər  çox zəif və ağır xəstə insanların özlərinin  razılığı olmadan öldürülməsinə haqq qazandırdılar. Bundan əlavə, bir insan zəiflədiyi və cəmiyyət üçün bir yük halına gəldiyi təqdirdə intiharın onun mənəvi borcu olduğuna inanırdılar. Lakin Aristotel və xüsusilə də  Pifaqorlular ağır xəstələrin öldürülməsinə qarşı çıxırdılar.
1930-cu illərdə evtanaziya  nasist Almaniyasında iqtisadi olaraq "cəmiyyətin yükü" kimi tanınan, "yaşamağa dəyər olmayan bir həyat" yaşayanlara münasibətdə kütləvi şəkildə həyata keçirildi. 1939-cu ildə Hitler monqoloid, hidrosefaliya, iflic və deformasiyadan əziyyət çəkən uşaqların qeydiyyata alınmasına dair bir fərman verdi (bunlardan 5000-i evtanaziya edildi). Daha sonra, başqa bir fərmana əsasən, on minlərlə əqli qüsurlu insan zorla evtanaziya  edildi.Bundan sonra, uzun müddət evtanaziya ümumiyyətlə tamamilə qəbuledilməz hesab edildi. Bununla birlikdə, yeni biotibbi texnologiyaların inkişafı (ilk növbədə həyatı dəstəkləyən müalicə), tibbi praktikada avtonom seçimin dəyərini təsdiqləməsi ilə yanaşı, evtanaziya mövzusunun bir çox ölkədə tabu olmaqdan çıxmasına səbəb oldu. Eyni zamanda, evtanaziya  ağır xəstənin və ya  onun səlahiyyətli qohumlarının iradəsi ilə həyata keçirilən ağır və ölümcül bir xəstənin ölümünün sürətləndirilməsi kimi başa düşülür.
Böyük Tibbi Ensiklopediyasında evtanaziya sağalması müşkül olan xəstəni əzab-əziyyətdən qurtarmaq üçün düşünülmüş halda ölümünün sürətləndirilməsi kimi izah olunur. İngilis-rus ensiklopedik lüğətdə evtanaziyaya belə tərif verilib: "Evtanaziya  ağrısız ölüm, müalicə olunmaz xəstənin əzablarına son qoymaq məqsədilə düşünərək onu öldürmək"dir. Mənim fikrimcə isə insan həyatına müdaxilə istər bu, istərsə də başqa yolla yolverilməzdir.
Evtanaziyanın könüllü və qeyri-iradi,  passiv və aktiv olmaqla bir neçə növü var.  Passiv (qeyri-fəal) evtanaziya –  həyat fəaliyyətini davam etdirməmək üçün müalicədən imtina etməkdir. Bu zaman müalicə ya müəyyən bir mərhələdə tamamilə dayandırılır və ya heç əvvəldən başlamadığı üçün ölüm baş verir. Passiv evtanaziyaya müalicəolunmaz xəstənin ya özünün,  ya da qohumlarının xahişi və ya həkimin qərarı ilə ağır halda evə yazılıb müalicəsiz qalıb ölməsidir. Belə hallarda həkim kənara çəkilərək müalicədən imtina edir və  xəstənin həyat fəaliyyətini davam etdirmək üçün passiv sanksiya verir. Fəal və passiv (qeyri-fəal) evtanaziyanın fərqi ondadır ki, birinci "öldürmək", ikinci isə "ölümə imkan yaratmaq" deməkdir. Bu formaların hər ikisi könüllü ola bilər. Könüllü və ya düşünülməmiş evtanaziya –  kompotentli (xəbərdarlı) xəstənin ağır əzab-əziyyətdən, dözülməz ağrılardan qurtarmaq üçün müxtəlif dərman maddələri və üsullardan istifadə edərək ölməyini xahiş etməsidir. Kompotentli  xəstə ağlı başında, möhkəm yaddaşı,hafizəsi olan, sərbəst qərar qəbul edən şəxsdir. Bu zaman müvafiq qayda – qanunların  yerinə yetirilməsi zəruridir. Könüllülüyün özü kompotentləşdirilməlidir: insan qərarını aydın və möhkəm iradə ilə ardıcıl olaraq bir neçə dəfə sərbəst, xaricdən heç bir mənəvi,  psixioloji təsir göstərmədən qəbul etməlidir.
- könüllü evtanaziyanı psixi inkişafdan geri qalmış insanlara, anadangəlmə eybəcərliklə doğulmuş uşaqlara və bunlara oxşar kontingentlərə həyatı ağır əzab və əziyyətlərlə keçmirsə tətbiq etmək olmaz;
- könüllü evtanaziya tibb işçilərinə heç bir ixtiyar vermir ki, öz baxışına, fikrinə görə onu həyata keçirsin - birinci və qəti tələb xəstənin  həyatına  öz qəti qərarı ilə son qoymaqdır;
-  könüllü evtanaziya xəstənin şəxsi arzu və istəklərindən irəli gəlməlidir - insanı əzab-əziyyətdən qurtarmaq, onun layiqli həyatını uzatmaq üçün  
- elmə məlum olan bütün üsullardan, imkanlardan istifadə etdikdən  sonra və onlar nəticəsiz qaldıqda evtanaziyadan  istifadə etmək olar;
- könüllü evtanaziya sağlam insanların özünü öldürməsinə bəraət qazandırmır;
- onun məqsədi insanı əzablardan qurtarmaq üçün istifadə olunan bütün imkanların tükənməsidir;
- könüllü evtanaziyaya  müharibə vaxtı mərhəmətlilik, dustağın           zəhərləndirilməsi kimi üsullar və s. kimi hallar aid deyil.
"Evtanaziya ləğv olunmalıdırmı?" sualının cavabı məncə, insana və onun yaşayışına görə daim dəyişkəndir.Bir insan yaşadığı həyatdan artıq məmnun deyilsə və bu həyat ona sadəcə həm fiziki , həm də ruhən ağrı verirsə belə öz həyatındakı qərarlar yalnız insanın özünə məxsus olmalıdır. Çünki bir insanın həyatına son qoymaq istər passiv evtanaziya, istərsə də aktiv evtanaziya zamanı  insan  həyatına  müdaxilədir. Biz isə həyatlara müdaxilə etmək iqtidarında deyilik. Nə öz həyatımıza,  nə də bir başqasının həyatına.  Amma A.İvanyuşkinin fikrinə görə, "insan üçün həyat öz mənasını itirdiyi vaxt, tədricən aqoniya vəziyyətində olduğu halda, acizanə həyat sürməyə məcbur olduğu zaman onun istəyi əksinə həyatını uzatmaq qəddarlıqdır". Mən isə bu fikirlə razılaşmıram və məncə həkim müalicəsi olmayan xəstəliklə belə mübarizə aparmalı və "müalicə olunmaz xəstən"in üzərində vicdanla işləməli, onu ağır vəziyyətdən çıxarmaq üçün bütün bilik və bacarığını sərf etməli, öz həmkarları ilə daima məsləhətləşməlidir. Hippokrat bu haqda yazırdı: "Heç kimə istədiyi ölümcül vasitəni  verməyəcəyəm və belə bir  yol göstərməyəcəyəm." Qədim yunan təbibi  həkimlərin bir insanın həyatını qurtarmaq üçün hər şeyi etməli  olduğu  fikrini irəli sürür  və "zərər verməmək" prinsipini formalaşdırdı. Eyni zamanda özünün "Sənət haqqında" kitabında təbabətin məqsədini belə təsvir etmişdir: " Təbabət xəstələri xəstəliklərdən tamamilə azad edir, xəstəliklərin gücünü azaldır,  lakin xəstəliyə artıq məğlub olanlara  öz yardım əlini uzada bilmir". 
"Bir insan öldü.  Burda  xüsusi nə var ki? Hər dəqiqədə minlərlə insan ölür.  Statistika belə  göstərir. Bu  xüsusi bir şey deyil. Ancaq can verən insan  üçün onun ölümü  durmadan fırlanmağa davam edən yer kürəsindən  daha vacib idi". (Erix Mariya Remark). Sizcə də mənalı deyilmi? Gəlin ölümlərə laqeyd qalmayaq, insan həyatına, sağlamlığına soyuqqanlı yanaşmayaq. 

Ədəbiyyat siyahısı

  1. 1. AMEA İnsan Hüquqları İnstitu Bioetika Tibbi Hüquq və yeni texnologiyalar-Bakı 2013
  2. 2. BİOTİBBİ ETİKANIN ƏSASLARI Namazova A.Ə., Tağı-zadə T.Q.