Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə, AZ1065 office.azermds@gmail.com

Evtanaziya və ya ölümə qərar

Müəllif: Paşazadə Hicran - Azərbaycan Tibb Universiteninin II Müalicə-Profilaktika fakültəsinin III kurs tələbəsi

Tibb və biotexnologiya sahəsinin sürətli inkişafı bizi elə bir səviyyəyə gətirib çıxarmışdır ki, bəşəriyyət qarşısında yeni, əvvəllər məlum olmamış sahələr kəşf edilmişdir: orqanların transplantasiyası, bitki və heyvanların genetik modifikasiyası, surroqat analıq, klonlaşdırma. Lakin, bununla yanaşı, biz təkcə tibb sahəsində deyil, həm də hüquqşünaslıq, sosiologiya, din və hətta fəlsəfə sahələrində dərin biliklərin olmasını zəruri edən kəskin problemlərlə üzləşmişik. Bu problemlərdən biri də evtanaziya fenomenidir. 
Evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən və bunun nəticəsində dözülməz əzablar yaşayan insanların həyatına son qoyulması təcrübəsidir. Hal-hazırda evtanaziya aktiv evtanaziyaya1 və ya “doldurulmuş şpris metodu”na, passiv evtanaziyaya2 və ya “kənara qoyulmuş şpris” metoduna və yardım edilmiş intihar3 qruplarına bölünür. Evtanaziyanın leqallaşdırılmasının ilk təşəbbüsçüsü Niderland (2001-ci il) oldu. Belçika bundan başqa yeniyetmələr üçün evtanaziyanı leqallaşdırdı (2014-cü il), İsveçrə isə ilk dəfə olaraq “evtanaziya turizmi”nin, yəni  xəstələrin qanuni şəkildə layiqli ölümseçmək hüququnu əldə edə biləcəkləri ölkələrə turizmin əsasını qoydu. 2014-cü il üçün bütün dünyada evtanaziyanın statusu belə görünürdü (şək.1), belə ki, Azərbaycanda evtanaziya qanunla qadağan edilmişdir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq, evtanaziya “2 ilə qədər islah işlərinə məhkum edilmə və ya müəyyən vəzifəni tutmaq və ya 3 ilə qədər ya da beləsi olmadan hər hansı bir fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə 3 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Evtanaziya dünyada

Evtanaziya anlayışı heç də yeni bir kəşf hesab edilmir və hələ XIV əsrin sonlarında ilk dəfə ingilis filosofu F.Bekon tərəfindən aşkarlanmışdır. O, öz yazılarında belə qeyd edirdi: “Əgər həkimlər öz vəzifə borclarına və humanistliklərinə sadiq qalmaq istəsəydilər, o zaman onlar tibbdə öz biliklərini artırmalı və eyni zamanda hələ də həyatda olan insanların həyatdan gedişini asanlaşdırmaq üçün əllərindən gələni etməlidirlər”. Hələ o zamanlar elmdə əhəmiyyətli dərəcədə inkişafın olmaması və insanların dünyagörüşünün məhdud olması səbəbindən evtanaziya ictimaiyyət arasında böyük rezonansa səbəb olmurdu. 
Evtanaziyanın tibb sahəsində müstəqil bir sahə olaraq irəliləməsindən çox əvvəl “həkimin pasientə mərhəməti və pasientin əzablardan qurtulması” vasitəsi kimi istifadə olunurdu. Belə ki, Fransada zəhərli giləmeyvələrin vasitəsilə vəba xəstəliyinə tutulanlar qəsdən öldürülürdü; Çin-Yapon müharibəsi zamanı həkimlər ölümcül yaralananların burnuna sianid turşusu tökürdülər. İnsanların dünya baxışlarında əhəmiyyətli dərəcədə dəyişiklik İkinci dünya müharibəsi zamanı baş vermişdi –bu müddət ərzində evtanaziya nasist Almaniyasında geniş yayılmış “yevgenika” anlayışına bərabər edilərkən  tamamilə əks məna daşımağa başladı, hansı ki, artıq uzun müddət ərzində onun dəhşətli bir cinayət xarakteri daşıması fikrini daha da qüvvətləndirdi. 
Bugün bizim qarşımızda bir neçə nöqteyi-nəzərindən detallı şəkildə araşdırılması zəruri olan tamamilə fərqli bir mənzərə canlanır. Fəlsəfi mənada evtanaziya insana “insan ləyaqətinə hörmət prinsipi”nə əsasən layiqli bir ölüm hüququnun verilməsini nəzərdə tutur. Lakin pravoslav kilsəsinin nümayəndələri əksinə hesab edirlər ki, “Bəzən çəkilən əziyyətlər insanı saflaşdırır və gələcək əsrin həyatında xilasa və şöhrətə gətirəcəkdir”. İslam dini isə aktiv evtanaziyanı kəskin tənqid etməklə bir mənalı olmayan mövqe tutur, lakin bununla yanaşı insanın müalicədən imtina etmək hüququnu inkar etmir, bu da öz növbəsində passiv evtanaziyanı nəzərdə tutur. 
Həkimlər cəmiyyəti bu məsələdə bir neçə kateqoriyaya bölünmüşdür. 2010-cu ildə ABŞ-da 10 000 həkim arasında aparılan sorğu göstərmişdir ki, həkimlərin 45,8 %-i razılaşmışdır ki, həkimin vasitəsilə həyata keçirilən intihara bəzi hallarda icazə verilməlidir; onların 40,7 %-i isə bununla razılaşmamışdır, yerdə qalan 13,5 %-i isə hesab edirlər ki, bu, bir çox şərtlərdən asılıdır . Bəzilərinin həkimin vəzifə borcunun mərhəmət və pasienti əziyyətdən qurtarmaq olduğunu hesab etdiyi halda, digərləri güman edirlər ki, “pasientlərin həyatdan getmək istəyi xəstəliyinin verdiyi fəsadların nəticəsidir, axı belə xəstələr yalnız fiziki deyil, həm də mənəvi əziyyət çəkirlər. Buna görə də, ilk növbədə xəstəliyini psixoloji aspektlərini aradan qaldırmaq lazımdır”.
Bu məsələnin hüquqi tərəfi də vacib əhəmiyyətə malikdir, belə ki, evtanaziyanın bəzi tərəfdarları bu təcrübəni qeyri-qanuni olaraq həyata keçirirlər, misal üçün, bütün dünyada “Ölüm həkimi” kimi məşhurlaşan Amerikalı həkim Cek Kevorkyanın etdiyi kimi. Bundan başqa, sağalmaz xəstəliyi olan pasientlər vicdanını unudan qohumlarının əlində asan bir hədəfə çevrilə bilər. 
Belə pasientlər üçün alternativ seçim nədir? Evtanaziyanın alternativi olaraq palliativ yardım və hospis xidməti nəzərdən keçirilə bilər. Palliativ yardım dedikdə, yalnız ağrının aradan qaldırılması, tibbi yardım göstərilmə və pasientə qulluq deyil, həmçinin də pasientlərə (istənilən xəstəliyi olan) və onların yaxınlarına mənəvi, psixoloji və sosial yardım göstərilməsi nəzərdə tutulur. Belə yanaşma həm insan ləyaqətinə hörmət prinsipinə, həm də pasientin layiqli ölümü seçmək hüququna uyğundur. Bunun təsdiqi olaraq, bir çox hallar olmuşdur ki, hospis xidmətlərinə müraciət edən pasientlər bundan əvvəl evtanaziya etmək istəklərindən imtina etmişdilər. 
Təəssüf  ki, palliativ yardım və hospis xidmətləri Azərbaycanda hələ ki geniş yayılmamışdır, bu da həm pasientlər, həm də onların yaxınları üçün bir çox ciddi çətinliklər yaradır. Biz inanırıq ki, gələcəkdə dövlət dəstəyi ilə və gənc həkimlərin aktiv fəaliyyəti nəticəsində bizim soydaşlarımız lazımi və vaxtı-vaxtında  edilən yardımı ala biləcəklər. 

1 Aktiv evtanaziya – sonuncunun məlumatlı razılığı (tələbi) ilə pasientin ölümündə həkimin aktiv iştirak etmə halları
2 Passiv evtanaziya – həkimlər tərəfindən pasienti həyatda saxlayan müalicənin məqsədli şəkildə dayandırılması
3Yardım edilmiş intihar – xəstənin istəyi ilə onun ölümünü yaxınlaşdıran tibbi preparatlarla təmin edilməsi

 

Ədəbiyyat

1.    Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (Azərbaycan Respublikasının 1999-cu il 30 dekabr № 787-IQ Qanunu ilə təsdiq edilmişdir) (30.10 tarixinə dəyişiklik və əlavələrlə)
2.    F.Bekon.Soç. T. 1.-M., 1971.-С 269
3.    Michael Jester - Sources found at Legality of euthanasia, CC0, https://commons.wikimedia.org/w/index.php?curid=36604505
4.    Həyat bir dəyərdir. Evtanaziya problemi və palliativ yardım etikası \ Sadam, 2014-cü il
5.    “Pravoslav dini və Dünya” portalının redaksiyası / aprel, 2007-ci il [Elektron mənbə] // https://www.pravmir.ru/evtanaziya-eto-ubijstvo-avrach-ne-palach/
6.    Leslie Kane, MA. Exclusive Ethics Survey Results: Doctors Struggle With Tougher-Than-Ever Dilemmas. Medscape.com.
7.    Tibb elmləri doktoru, Moskva Dövlət Tibb və Stomatologiya Universitetinin Terapiya və Geriatriya kafedrasının professoru Yuri Konyayevin BBC üçün verdiyi müsahibədən.