Cəfər Cabbarlı küçəsi 609, Globus Center 13-cü mərtəbə, AZ1065 office.azermds@gmail.com

Evtanaziya leqal olmalıdırmı?

Müəllif:  Həşimli Nərmin - Azərbaycan Tibb Universitetinin I Müalicə-Profilaktika fakültəsinin ІІІ kurs tələbəsi

Tibbi termin olaraq "evtanaziya" – bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsidir. "Evtanaziya" sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib. O, bu sözü "yüngül ölüm" mənasında işlədib, XIX əsrdə isə bu ifadə "kimisə mərhəmətdən öldürmə" mənasını daşımağa başladı. İlk öncə  qeyd etməliyik ki, tibbdə "evtanaziya" adı verilən asan ölüm növü dünyanın müxtəlif ölkələrində uzun illər mübahisə obyektinə çevrilib. Evtanaziyanın tarixinə nəzər salsaq, ilk dəfə bu təcrübəni qəbul edən ölkə Hollandiya olub. Hollandiya qanunvericiliyi ölmək istəyən vətəndaşlarının fikrinə hörmətlə yanaşaraq, onlara daha asan yolla ölüməyə  imkan verir. Hollandiyada demensiya xəstələrinin evtanaziya olunmaq istəyi qeyri-adi hal deyil, lakin xəstəliyin son mərhələlərində onlar evtanaziya olunmağa razılıqlarını təsdiqləmək imkanında olmaya bilərlər. Lakin evtanaziya xahişinin rədd ediləcəyi qorxusu bəzilərini vaxtından əvvəl evtanaziya olunmaq xahişilə müraciət etməyə məcbur edir. Məsələn: Annie Zwijnenberg adlı bir qadının bu məsələdə heç vaxt şübhəsi  olmayıb. Annienin əhvalatı hollandiyalı rejissor Gerald van Bronkhorstun "Çox gec olacağına qədər" adlı sənədli filmində göstərilib. Sənədli filmdə qadının ona Alzheimer xəstəliyi diaqnozu qoyulması anından 81 yaşına - evtanaziya olunmasına qədər olan həyat yolu göstərilib. Bu filmdə güclü  dini inanca malik olan, həyatda bir   çox  çətinliklərin öhdəsindən  gələ bilən , eləcə də 3 uşaq anası olan bu məğrur  qadının demensiyaya məğlub olması haqqında danışılır.

Evtanaziya və qanun 

Evtanaziya dedikdə, ilk olaraq ağla Cek Qevorkyan gəlir. Belə ki,  ABŞ-da “ölüm həkimi” ləqəbli Cek Qevorkyan adlı erməni həkim evtanaziya yolu ilə 130 adamı öz istəyi ilə öldürüb. C.Qevorkyan, hətta sarı mətbuatda elan verib ki, ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcəyəm. Təbii ki, ABŞ ictimaiyyəti C.Qevorkyanın əməllərindən xəbər tutduqdan sonra o həkimlikdən məhrum edilib. Araşdırmalar zamanı meydana çıxan ən dəhşətli məqam isə odur ki, bu həkimin evtanaziya yolu ilə öldürdüyü insanların əksəriyyəti  heç də sağalmaz xəstəliklərdən əziyyət çəkənlər deyilmiş. ABŞ hökuməti qərara alıb ki, C. Qevorkyan çarəsiz xəstələri yox, xəstəlikdən ümidsizliyə düşən insanları  öldürüb. Uzun sürən məhkəmə çəkişmələrindən sonra C. Qevorkyan 25 il azadlıqdan məhrum olunub. Biz baş vermiş bu hadisə sayəsində  belə bir mülahizə yürüdə  bilərik ki, bəzi insanlar məhz bundan öz çıxarları üçün istifadə edir. Bu isə, sözsüz, cinayətdir.
İlk olaraq, Niderlandda 1984-cü ildə evtanaziya   qanunla leqallaşdırıldıqdan sonra Avropa ölkələrindən  Belçika,Lüksemburq və İsveçrədə bu haqda qanun qəbul edilib. Ümumiyyətlə  dünyanın müxtəlif yerlərində evtanaziya leqallaşmışdır. Bəs bunun  barəsində Azərbaycanda hansı düşüncələr mövcuddur, görəsən insanlar arasında  fikir ayrılığına  səbəb olan bu proses nə vaxtsa bizdə də mümkün ola bilərmi? Bütün bu suallara cavab vermək üçün evtanaziya  haqqında bir sıra müxtəlif peşə sahiblərinə məxsus  şəxslərin  düşüncələr ilə tanış olaq:
Orxan Fərəcli:
"Yəni biz həkim olaraq praktikamızda tez-tez rastlaşdığımız bir şey var ki, xəstələr həqiqətən çox əzab çəkirlər. Və bəzən onların özləri, yaxınlarının hətta  belə bir istəyi olur. Amma bütün hallarda bu yolverilməzdir. Gələcəkdə bu qanundan sui-istifadə hallarının olmaması üçün hazırda ölkəmizdə bunun həyata keçirilməsi qadağan olunmuşdur. Passiv evtanaziya - mən sizə deyim ki, nəinki Azərbaycanda , bir çox ölkələrdə tətbiq olunan bir şeydir. Yəni qeyri-rəsmi tətbiq olunur."     

Anar Qasımlı:

"Mən bir hüquqşünas olaraq hesab edirəm ki, evtanaziya cinayət məsuliyyəti yaratmamalıdır. Yəni  deyirəm ki, nəzəri baxımdan yanaşanda, hər kəsin yaşama hüquq olduğu kimi ölmək hüququ da var".

Həmçinin bu  gün həkimlərin and içdiyi Hippokrat andında  da  deyilir : 

“Mən heç kimə, hətta bunu xahiş edənə belə ölüm gətirə biləcək dərman verə bilmərəm, hətta bunu məsləhət də görə bilmərəm”

Lakin Frensis Bekonun fikri isə  fərqlidir və o,  bunu belə izah edir :

“Mən tamamilə əminəm ki, həkimin vəzifəsi yalnız xəstəni sağaltmaq deyil, eyni zamanda onun düçar olduğu sağalmaz xəstəlik səbəbindən çəkdiyi əzablardan qurtulmağa kömək etməkdir. Və əgər artıq xəstənin xilasına heç bir ümid yoxdursa, yalnız rahat və sakit ölüm onu bu əzab-əziyyətlərdən qurtarmağa son çarədir”.
Gördüyümüz kimi hər bir şəxsin düşüncəsi fərqlidir və  özünə məxsus  olaraq həyata baxış tərzi var. Kimisinə görə bu proses cinayət, kimisinə görə isə əzab və iztirabdan daha  asan çıxış yoludur. Məhz bu səbəbdən daim insanlar arasında  müəyyən fikir ayrılığı  mövcud  olub və olacaq. Elə buna görə də bu prosesin leqallaşması  digər ölkələrdə,eləcə də Azərbaycanda   müəyyən vaxt tələb edə bilər. Mənim fikrimcə isə həyat bizə bəxş edilmiş ən gözəl nemətdir. Eleanora Ruzveltin dediyi kimi: "Dünən tarixdir,sabah müəmma ,bu gün isə hədiyyədir". Həyat hər zaman  çətinliklərlə bizi sınayır. Bizlərə düşən isə güc toplayıb bu həyatın hər anından  bir qığılcım tapıb ,bütün maneələrin öhdəsindən gəlməkdir. 

Ədəbiyyat

hafta.az onlayn ictimai-siyasi qəzet ʺEvtanaziya məsələsiʺ -Mirvari 18.02.2010                            
Milli.az  ʺEvtanaziya-ona nə dərəcədə hazırıq-Araşdırmaʺ -20.09.2012                                                                              BBC News ʺDemensiyaya qədər ölmək arzusu-ʺgecəyarısına 5 dəqiqə qalmışʺʺ-Andrew Bomfort 07.02.2019             PCC blog ʺEvtanaziya  cinayət məsuliyyəti yaratmamalıdırʺ-Rəna Hüseynova və Cavid Mehdiyev 23.03.2015