SCOPH Komitəsi və TurkMSIC Əməkdaşlığı: Antimikrob Rezistentliklə Mübarizə Layihəsi
2024-cü ilin fevral-may ayları ərzində AzerMDS-in İctimai Sağlamlıq (SCOPH) Komitəsi və Türk Tıp Öğrencileri Birliği (TurkMSIC) arasında uğurlu əməkdaşlıq nəticəsində Antimikrob Rezistentliklə Mübarizə layihəsi həyata keçirilmişdir. Layihənin əsas məqsədi, bu problemin cəmiyyətə təsirini azaltmaq üçün ictimai məlumatlılığı artırmaq və düzgün antibiotik istifadəsini təşviq etmək idi.
Layihənin əsas mərhələləri və fəaliyyətlər:
1. İlk Görüş və Təlimlər: Fevral ayında təşkil olunan ilk görüşdə layihə üzvləri bir araya gələrək, iş planını və metodologiyanı müzakirə etdilər. Layihənin ilkin mərhələsində sahə işindən əvvəl təlimlər təşkil olundu və Türkiyədən dəvət edilmiş həkim Dr. Yeliz Tanrıverdi layihə ilə bağlı ilkin məlumatlar verdi.
2. Sorğuların Hazırlanması və Sahə İşi: Mart ayında Azərbaycan və Türkiyədə eyni vaxtda sahə işləri aparılmışdır. Bu müddət ərzində cəmiyyət arasında sorğular keçirildi və iştirakçılara düzgün məlumatlar təqdim olundu və hazırlanan xüsusi broşuralar vasitəsilə əhalinin məlumatlandırılması həyata keçirildi.
3. Müsahibələr və Video Çəkilişləri: Sahə işinin bir hissəsi olaraq, antimikrob rezistentliklə bağlı doğru bilinən yanlışları araşdıran müsahibələr təşkil edilmişdir. Azərbyacan Tibb Universitetinin Tədris Cərrahiyə Klinika ərazisində bir neçə vətəndaşla müsahibə aparılmış və sonunda əhaliyə doğru məlumatlar çatdırılmışdır.
4. Məlumatlandırıcı Videolar və Podcastlar: Layihə çərçivəsində hazırlanan videolar və podcastlar həm Azərbaycan, həm də Türkiyədə həyata keçirilən fəaliyyətlərə əsaslanırdı. Eşitmə məhdudiyyətli şəxslər üçün videolara Azərbaycan, Türk və İngilis dillərində altyazılar əlavə olundu, görmə məhdudiyyətli şəxslər üçün isə podcastlar hazırlandı.
5. Vebinar və Nəticələrin Təqdimatı: Layihənin yekun mərhələsində, Prof. Dr. Deniz Gür tərəfindən vebinar keçirildi. Bu vebinarda, 3 aylıq fəaliyyətlərin nəticələri ətraflı şəkildə müzakirə olundu və iştirakçılardan gələn suallar cavablandırıldı. Eyni zamanda, ilkin və son qiymətləndirmə testləri keçirildi və bu testlərin nəticələri müqayisə edilərək təhlil olundu.
Layihənin Nəticələri və Əhəmiyyəti:
Layihə nəticəsində 160 nəfərə (100 nəfər Azərbaycandan, 60 nəfər Türkiyədən) çatmaq hədəflənmişdir və bu hədəf uğurla həyata keçirilmişdir. Son qiymətləndirmə testlərinin nəticələrində iştirakçıların bilik səviyyəsinin 30%-dən çox artdığı müşahidə edilmişdir. Həmçinin, əldə olunan nəticələr sənədləşdirilmiş və cəmiyyətə təqdim olunmuşdur. Bu nəticələr, gələcəkdə bu cür mübarizə tədbirlərinin təkmilləşdirilməsi üçün əsas rol oynayacaq.
Bu layihə, AzerMDS-in SCOPH komitəsinin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi mühüm fəaliyyətlərdən biri kimi yadda qalmışdır
Hörmətlə, İctimai sağlamlıq komitəsinin asistenti
Aytac Yusifli