- Onurğa Sütunu Əyrilikləri Mövzusunda Maarifləndirici Layihə
Son illərdə gənclər və yeniyetmələr arasında duruş pozğunluqları və onurğa əyrilikləri artan problemlərdən biri olmuşdur. Müasir dövrdə uzun müddət oturaq həyat tərzi, düzgün olmayan qamət və mobil cihazların həddindən artıq istifadəsi bu problemin əsas səbəbləri sırasındadır. Araşdırmalar göstərir ki, hər 100 uşaqdan təxminən 3-ü onurğa əyriliyi ilə üzləşir. Bu problemlər vaxtında həll edilmədikdə, həyat keyfiyyətinə ciddi təsir göstərərək, gələcəkdə xroniki ağrılar, daxili orqanlara təzyiq və hərəkət məhdudiyyətləri kimi fəsadlara səbəb ola bilər.
Layihənin Məqsədi və Fəaliyyətləri
İctimai Sağlamlıq Komitəsinin aktiv üzvləri bu problemin cəmiyyətə təsirini azaltmaq məqsədilə maarifləndirici bir layihə həyata keçirmişlər. Layihə çərçivəsində 3 aktiv üzv mövzuya dair dərin araşdırma aparmış və nəticədə məlumatlandırıcı bir video çarx hazırlamışdır. Video çarxda düzgün qamətin əhəmiyyəti vurğulanaraq, əhali arasında geniş yayılmış doğru bilinən yanlışlar aradan qaldırılmışdır. Həmçinin, sağlam duruş üçün faydalı tövsiyələr də təqdim olunmuşdur.
Hazırlanan video çarx vasitəsilə, düzgün duruşun sadəcə estetik görünüş deyil, uzunmüddətli sağlamlığın qorunması üçün vacib olduğu izah edilmişdir. Video çarx AzerMDS-in rəsmi Instagram səhifəsində paylaşılaraq geniş auditoriyaya çatdırılmışdır.
Bu layihənin əsas məqsədi, insanların düzgün qamətə daha çox diqqət yetirməsinə və sağlamlıq problemlərinin qarşısını almağa yardım etməkdir. Nəticədə, daha çox insan düzgün qamətə riayət edərək, həyat keyfiyyətini artırmış olacaq.
Hörmətlə, İctimai sağlamlıq komitəsinin asistenti
Aytac Yusifli