Qızılca maarifləndirmə layihəsi
2023-cü ilin aprel ayından etibarən Azərbaycan ərazisində qızılca xəstəliyinin sporadik yayılma halları başlandı. 2022-ci ildə qızılca xəstəliyinə yoluxma bir nəfərdə rast gəlindiyi halda, 2023-cü ilin yanvar-noyabr ayları arasında bu say 1493-ə çatıb. Bu ciddi artımın səbəblərini araşdırmaq və ictimaiyyəti məlumatlandırmaq üçün İctimai Sağlamlıq komitəsi olaraq bir video çarx hazırladıq.
İlk olaraq, valideynlərin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə anket sorğusu hazırlandı və valideynlərlə sosial media üzərindən paylaşıldı. Sorğunun nəticələrinə əsasən "Valideynlərin Qızılca ilə bağlı məlumatlılıq səviyyəsi" başlığı altında statistika toplanaraq sosial mediada paylaşıldı. Sorğunun sonunda valideynləri maraqlandıran suallar üçün ayrı bölmə ayrılmışdı və Azərbaycan Tibb Universitetinin doktorantı və "Səhhət" klinikasının həkim-infeksionisti Hökümə Məmmədova hazırladığımız video çarxda valideynlərə qızılca xəstəliyi ilə bağlı ətraflı məlumat verərək, onların suallarını cavablandırdı. Bu video çarx AzerMDS YouTube kanalında, həmçinin Instagram və Facebookda ictimaiyyətlə paylaşıldı.
Bu layihənin məqsədi əhaliyə Qızılca xəstəliyilə bağlı doğru məlumatları vermək, profilaktikanın və peyvəndin mahiyyətini valideynlərə çatdırmaq idi. Nəticədə insanlar bu xəstəlikdən qorunmaq üçün lazımi tədbirlər almağı öyrənəcək və sağlamlıqlarını qorumaq üçün daha düzgün yollar seçəcəklər!
Hörmətlə, İctimai sağlamlıq komitəsinin asistenti
Aytac Yusifli