4 fevral Dünya Xərçəng Günü münasibətilə AzerMDS təşkilatının SCOPH komitəsi fəaliyyətləri ilə ictimaiyyəti məlumatlandırmaq üçün müxtəlif tədbirlər həyata keçirmişdir. Xərçəng xəstəliyi ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması istiqamətində göstərilən fəaliyyətlər, əhaliyə ətraflı məlumat verərək xəstəliyin erkən diaqnostika və müalicəsinin önəmini vurğulamışdır.
Bu çərçivədə, öncəliklə, onkoloji xəstəlikdən sağalmış şəxs ilə müsahibə həyata keçirildi. Müsahibə zamanı aktiv üzvlər tərəfindən hazırlanan suallar onkoloji xəstəlikdən uzun illər əziyyət çəkən oğlan uşağı və ananın yaşadığı təcrübələri özündə ehtiva etdi. Bu müsahibə video formatında çəkilərək AzerMDS YouTube kanalında paylaşıldı, beləliklə daha geniş bir auditoriya ilə məlumatı paylaşa bildik.
2, 3 və 4 fevral tarixlərində Gənclik Mallında xüsusi stend quruldu və əhaliyə xərçəng xəstəliyi ilə bağlı ətraflı məlumat verildi. Bu stendlərdə xərçəngin nə olduğu, simptomları və hansı həkimlərə müraciət edilməsi kimi suallara əhali asanlıqla cavab tapa bildi. Stendin yaxınlığından keçən hər bir vətəndaşa aktiv üzvlərimiz tərəfindən ətraflı məlumat verildi və insanların sualları cavablandırıldı.
Bu fəaliyyətlər vasitəsilə ictimaiyyətə xərçəng xəstəliyi haqqında doğru məlumatlar vermək, xəstəliyin müalicə və profilaktikasına diqqəti cəlb etmək mümkün oldu. Nəticədə insanlar bu xəstəlikdən qorunmaq üçün lazımi addımlar atmalı və sağlamlıqlarını qorumaq üçün daha yaxşı qərarlar almaq imkanına malik oldular. Toplam 180 broşurdan 150 broşur insanlara paylandı.
Əhali ilə ilk həyata keçirdiyimiz layihə uğurlu oldu və komitə olaraq bu tipli layihələrin davamlı olmasını arzulayırıq! Erkən diaqnostika həyat xilas edir. Gəlin, vaxtında həkimə müraciət edək!
Hörmətlə, İctimai sağlamlıq komitəsinin asistenti
Aytac Yusifli